Özbəkistan Zərgərlik Sənayesi Birliyinin nümayəndə heyəti Bakıda işgüzar səfərdədir. Birliyin nümayəndələri Azərbaycan Zərgərlər Assosiasiyasının ofisində qonaq olublar. Görüş çərçivəsində təşkilatlar arasında formalaşmış münasibətlər, görülmüş birgə işlər və layihələr, eləcə də gələcək planlar müzakirə olunub.
Müzakirələr nəticəsində aşağıda sadalanan potensial layihə üzərində fokuslanmaq qərara alınıb:
- Özbəkistan qızılının xammal olaraq Azərbaycan istehsalçıları üçün əlçatan olması;
- Azərbaycan-Özbəkistan şirkətlərinin iştirrakı ilə birgə istehsal müəssisələrinin yaradılması, zərgərlik məmulatlarının istehsalı və 3-cü ölkələrə ixracı;
- Azərbaycan zərgərlik brendlərinin Özbəkistanda yerləşən ticarət mərkəzlərində “Made in Azerbaijan” stendi ilə təqdim olunması;
- Özbəkistan zərgərlik brendlərinin Azərbaycanda yerləşən ticarət mərkəzlərində “Made in Uzbekistan” stendi ilə təqdim olunması.
Qeyd etmək lazımdır ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Zərgərlər Assosiasiyası və Özbəkistan Zərgərlik Sənayesi Birliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Keçmiş 3 ilə yaxın əməkdaşlıq çərçivəsində bir sıra məhsuldar layihələr icra olunub, o cümlədən Azərbaycan və Özbəkistan sahibkarları üçün bir neçə dəfə biznes forumlar təşkil olunub, 2021-ci ildə Buxara şəhərində keçirilmiş zərgərlik festivalında Azərbaycan bremdlərinin təqdimatı baş tutub.