← Bütün xəbərlər
Azərbaycan və Honkonq arasında zərgərlik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

“Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Rövşən Əmircanov ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Regionu Hökumətinin investisiyaların təşviqi üzrə qurumu olan InvestHK-nın nümayəndəsi Leonid Orlov arasında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan və Honkonq arasında qiymətli metallar və qiymətli daşlar sahəsində işgüzar əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Honkonq zərgərlik məmulatları istehsalçılarının Azərbaycan bazarına çıxış imkanlarına xüsusi diqqət yetirilib. Bu çərçivədə həmin istehsalçılar və sahə üzrə müvafiq qurumlarla Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında birbaşa əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.
Həmçinin zərgərlik, o cümlədən qiymətli metallar və qiymətli daşlar sahəsində fəaliyyət göstərən Azərbaycan sahibkarlarının Honkonqda keçirilən beynəlxalq zərgərlik sərgilərində, eləcə də Honqkonq sahibkarlarının Azərbaycanda keçirilən AZERBAIJAN JEWELRY SHOW sərgilərində iştirakına dəstək göstərilməsi məsələsi nəzərdən keçirilib. Belə sərgilər sahibkarlara potensial tərəfdaşlarla əlaqələr qurmaq, məhsul və xidmətlərini tanıtmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün şərait yarada bilər.
Bununla yanaşı, potensial tərəfdaşların müəyyənləşdirilməsi və işgüzar əlaqələrin inkişafı məqsədilə aidiyyəti qurumlar və sahibkarlar arasında görüşlərin təşkili imkanları da nəzərdən keçirilib. Bu görüşlərin konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı maraq doğuran təkliflərin hazırlanmasına töhfə verəcəyi qeyd olunub.



