“Ümumiyyətlə, orijinal adı altında saxta qızılın satılması ilə bağlı hansı ticarət mərkəzində və ya hansı sahibkar tərəfindən satıldığı şəklində daha dəqiq məlumatlar verilsə yaxşı olar. Amma təbii ki, belə halların olmasını istisna edə bilmərik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda zərgərlik sahəsində 5 minə yaxın şirkət və fərdi sahibkar fəaliyyət göstərir. Onların arasında illərdir dürüst bir şəkildə fəaliyyət göstərən sahibkarlar var ki, onların adına da xələl gələ bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev deyib.
Onun sözlərinə görə, əvvəllər Dövlət Əyar Palatası, sonradan adı dəyişdirilərək Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti fəaliyyət göstərirdi: “Daha sonra həmin xidmətin fəaliyyəti dayandırıldı. Son bir neçə ildə belə bir nəzarət yoxdur. Bunu nəzərə alaraq Azərbaycan Zərgərlər Assosiasiyası olaraq müvafiq dövlət qurumlarına bir neçə dəfə müraciət etmişik ki, keçmiş Dövlət Əyar Palatasının funksiyasını icra edən bir qurumun fəaliyyətə başlaması məqsədəuyğun olar. Bizdə olan məlumata görə, belə bir qurumun yaradılması üzrə işlər görülür. Yəqinki qısa bir zamanda dövlət strukturları tərəfindən ictimaiyyətə müvafiq məlumat veriləcəkdir. Həmin qurum yarananadək alıcılar tövsiyə edərdik ki, mütləq aldıqları ziynət əşyalarının kassa çekini tələb etsinlər. Həmin məmulatların üzərindəki qiymətli daşların, metalın xarakteristikasını əks etdirən sertifikat tələb etsinlər. Bu sertifikat və kassa çeklərinin olması gələcəkdə hər hansı bir şübhə olduqda müvafiq dövlət qurumuna müraciət etmək imkanı yaradır”.
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, alınan qızılın saxta olub-olmadığını isə alıcı ayırd edə bilməz: “Çünki bunun üçün xüsusi avadanlıqlar, aparatlar və dəzgahlar lazımdır. Ona görə bir çox ticarət mərkəzlərində və yaxud fərdi halda fəaliyyət göstərən sahibkarlar var ki, zərgərlik məmulatının əyarını da, qiymətli daşın xarakteristikasını da istehlakçıya bildirirlər”.
“Əlavə olaraq son günlərdə KİV-də belə bir məlumat da yayılır ki, 28 may 1998-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi 114 saylı qərarına əsasən, qızıl və qızıldan hazırlanan məmulatların geri qaytarılması qadağandır. Azad İstehlakçılar Birliyi istehlakçıların narazılıq etdiyini bildirmişdi. Əslində, belə bir qərarın olması elə istehlakçıların hüquqlarının qorunmasıdır. Çünki hər hansı bir müştəri zərgərlik məmulatını aldıqda onun yeni və orijinal olmasına əmin olmalıdır. Əgər müştərinin bu məmulatları geri qaytarmaq hüququ olarsa, onu aldıqdan sonra saxtalaşdırıb geri qaytara bilər. Bu da sahibkara ziyan vermiş olar. Bu və digər səbəblərə görə Nazirlər Kabinetinin həmin qərarını alqışlayırıq”,- deyə o əlavə edib.