Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, zərgərlik, kənd təsərrüfatı, qida, logistika, tikinti və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Biznes forum rəsmi hissədən sonra iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlər çərçivəsində Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Abbasquliyev Toğrul İraqın Ticarət Palataları Federasiyasının prezidenti Əbdülrəzaq Əl-Zuheyri və İraqın zərgərlik sektorunu təmsil edən iş adamları ilə görüş keçirib. Görüş zamanı İraqın hazır zərgərlik məmulatları üzrə illik idxal həcmi 4 milyard USD olduğunu və Azərbaycanın ciddi zərgərlik sənayesinin mövcudluğunu nəzərə alaraq Azərbaycanın İraqa hazır zərgərlik məmulatlarının böyük ixrac potensialının olduğu qeyd olunub.