Azərbaycan nümayəndə heyəti və zərgərlik brendləri 2025-ci il 23–25 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Uzbek Jewellery Fair 2025” beynəlxalq forum-sərgisində uğurla iştirak edərək ölkəmizin zərgərlik sənayesinin yüksək potensialını təqdim ediblər.
Zinət əşyaları, qiymətli daşlar, müasir avadanlıqlar və qabaqcıl texnologiyaların təqdim olunduğu bu irimiqyaslı sərgi zərgərlik sahəsinə həsr olunmuş və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilmişdir. Beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi, yeni biznes əlaqələrinin qurulması və regional inteqrasiyanın təşviqinə töhfə verən forum, 3000-dən artıq ziyarətçinin iştirak etdiyi mühüm bir tədbirə çevrilmişdir. Sərgi çərçivəsində zərgərlik və dağ-mədən sənayesi üzrə fəaliyyət göstərən istehsalçılar, avadanlıq təchizatçıları, dizaynerlər, pərakəndə satış nümayəndələri, sahə mütəxəssisləri və investorlar üçün səmərəli ünsiyyət və təcrübə mübadiləsi imkanları yaradılmışdır.
Forum-sərginin əsas məqsədi zərgərlik sənayesində əlavə dəyər zəncirinin bütün mərhələlərini əhatə edən beynəlxalq əməkdaşlıqların qurulması, bu sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi olmuşdur. Sərgidə qızıl, gümüş və qiymətli daşlardan hazırlanmış zinət əşyaları, antikvar bəzəklər, zərgərlik sənayesinə aid müasir avadanlıqlar, aksesuarlar, qiymətli metal və daşların emalı üçün nəzərdə tutulan komponentlər, eləcə də təhlükəsizlik texnologiyaları nümayiş etdirilmişdir.
“Bu tədbir regional əməkdaşlığın inkişafı və yerli brendlərin beynəlxalq bazarlara çıxışı baxımından mühüm rol oynamışdır,” — deyə Azərbaycan Zərgərlər Assosiasiyasından bildirilib.
Tədbirdə Özbəkistanla yanaşı, Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, Qazaxıstan, Qırğızıstan və Hindistan da daxil olmaqla bir sıra ölkələrin nümayəndələri iştirak etmişdir. Azərbaycanı bu nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Zərgərlər Assosiasiyası və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti təmsil etmişdir. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin qurum və şirkətləri ilə gələcək əməkdaşlıq, birgə layihələr və təcrübə mübadiləsinə dair məhsuldar görüşlər keçirmişdir.
Ölkəmizin aparıcı zərgərlik brendlərindən biri olan “Baygold” sərgidə məhsullarını nümayiş etdirmiş və ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Qeyd edilməlidir ki, Azərbaycan Zərgərlər Assosiasiyası ilə Özbəkistanın “Özbəkzərgərsanoati” Assosiasiyası arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində bir sıra birgə layihələr həyata keçirilmiş, nəticədə iki ölkə arasında səmərəli işgüzar münasibətlər formalaşmışdır.



