Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti bu günlərdə Ermənistan işğalından azad olunaraq Azərbaycanın nəzarətinə keçən Zəngilan rayonu ərazisində yerləşən və şirkətin müqavilə sahəsinə daxil olan “Vejnəli” qızıl yatağı barədə məlumat yayıb.

“Report” xəbər verir ki, şirkətin saytında yerləşdirilən məlumatda deyilir ki, Zəngilan rayonu Azərbaycanın cənub qərbində minerallarla zəngin bir rayondur. Şirkətin mövcud Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən, “Anglo-Asian Mining”in Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşən “Vejnəli” qızıl yatağını istismar etmək hüququ var. Müqavilə sahəsi təxminən 300 kvadrat kilometri təşkil edir və Sovet Təsnifatına görə, 6,5 ton qızıl (C1 + C2) və 2,3 ton qızılı (P1) olan “Vejnəli” yatağını əhatə edir.

Şirkətin yaydığı məlumatda deyilir ki, lakin yatağın işlənilməsinə döyüş əməliyyatları dayandırıldıqdan və bölgənin təhlükəsiz olması barədə Azərbaycan hökumətinin bildirişindən sonra başlanılacaq. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdəki qızıl yataqları ilə bağlı müqavilə müddəti sıfırlanacaq. Bundan sonrakı müddətdə şirkətin müqavilə sahəsində 5 ilədək kəşfiyyat işləri, sonra isə iki dəfə 5 il uzadılma şərti ilə 15 il müddətində hasilat aparmaq hüququ var.

Bildirilib ki, Ermənistan işğalı zamanı Zəngilan rayonunda təbii sərvətlər istismar olunub. “Vejnəli” yatağında isə minimum mədən işlərinin aparıldığına görə ziddiyətli məlumatlar mövcuddur.

Qeyd edilir ki, bununla bərabər, şirkətin bu barədə ən yaxşı məlumatı orada minimum istismar aparılmasına dairdir: “Azərbaycan hökumətinin ərazidəki mineral ehtiyatları hərtərəfli yoxlamaq və qiymətləndirmək niyyəti var. Şirkət bu irəliləyişləri alqışlayır və ərazinin işlənməsi ilə bağlı Azərbaycan hökuməti ilə sıx təmasdadır. Hələlik “Vejnəli” yatağında kəşfiyyatın və kommersiya işlərinin başlanması üçün vaxt qrafiki məlum deyil, bu rayona girişin və müqavilə sahəsinin təhlükəsizliyindən asılıdır”.

Şirkət təhlükəsizlik məsələləri həll olunduqdan sonra dərhal ərazidə işlərə başlamağı planlaşdırır.

Məlumatda həmçinin qeyd edilib ki, hazırda işğal altında olan və şirkətin müqavilə sahəsinə daxil olan “Söyüdlü” və “Qızılbulaq” yataqları da var. Şirkət bu sahələr üzrə də məlumatları izləməkdədir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı isə 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

report.az