“BİR MƏHSUL, İKİ BAZAR: AZƏRBAYCAN-TÜRKİYƏ QARŞILIQLI KOOPERASİYA VƏ TİCARƏT İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA ONLAYN FORUM KEÇİRİLİB
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) dəstəyi ilə fevralın 16-da “Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı kooperasiya və ticarət imkanlarının genişləndirilməsi” mövzusunda onlayn forum keçirilib.
Azərbaycan və Türkiyə tərəfindən aidiyyəti qurumların, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən ixracatçı şirkətlərin iştirakı ilə təşkil olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ölkələrimizin həmrəyliyi bütün sahələrdə olduğu kimi iqtisadi-ticarət əlaqələrinin inkişafına da stimul verir. Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bugünkü forumun məqsədi də bu imkanların reallaşdırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməkdir. Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə məhsulların birgə istehsalı, qarşılıqlı satış imkanlarının genişləndirilməsi və KOB-lar arasında kooperasiya üçün geniş imkanların olduğunu, KOBİA və KOSGEB-in bu istiqamətdə KOB subyektlərinə dəstək ola biləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimizin coğrafi mövqeyi və fərqli bazarlarda üstünlükləri bu kooperasiyanı həm də üçüncü bazarlara ixrac üçün səmərəli edə bilər.
Onlayn forumun panel müzakirələrində Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Azərbaycan İnvestisiya Şirkətinin, AZPROMO-nun, “Ziraat Bank Azərbaycan” ASC-nin, “AZEXPORT” ixrac portalının, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər qurumların və birliklərin nümayəndələri, eləcə də iş adamları iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına, qarşılıqlı ticarətdə logistika, gömrük və texniki tənzimləmə məsələlərinə, kiçik və orta biznes subyektlərinin kooperasiya imkanlarına, Azərbaycanın investisiya imkanları və işğaldan azad olunmuş ərazilərin investisiya potensialına dair fikirlərini və təkliflərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.