Zərgərlik məhsullarının istehsalı, alışı və satışı ölkənin iqtisadi həyatında xüsusi çəkiyə malik sahə hesab olunur. Lakin məlumdur ki, ötən il ölkədə pandemiyanın yayılması fonunda bu sahə də müxtəlif geriləmələrə məruz qaldı.
“Report” 2021-ci ildə zərgərlik sənayesindəki vəziyyət və gələcəyə dair gözləntilərlə bağlı Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyevlə müsahibəni təqdim edir:
– Hazırda zərgərlik məhsullarının satışı ilə bağlı ümumi vəziyyət necədir?
– Bazarda dirçəliş yoxdur. Ötən il pandemiya dövründə olan vəziyyət hələ də davam edir. Bazarın əsas hissəsinin tələbatını toy-nişan mərasimlərinin keçirilməsi ödəyirdi. Hazırda bu mərasimlər keçirilmir. Nəticədə ümumi vəziyyətdə ciddi bir dəyişiklik yoxdur. Ticarət mərkəzlərinin də bağlı olması bazardakı vəziyyətə böyük təsir göstərir. Bu gün istehsal və satış davam etsə də, çox zəifdir. Küçələrdəki dükanlar fəaliyyətini davam etdirir. Amma onların da fəaliyyəti ümumi bazardakı proseslərin çox az hissəsni təşkil edir. Sahibkarlar çalışır ki, az da olsa fəaliyyət göstərsinlər. Amma əvvəlki dövriyyə yoxdur. Alıcılıq qabiliyyəti aşağıdır.
Keçən il xammal olaraq qızılın qiyməti də çox artdı. Bu isə məmulatların satış qiymətinə böyük təsir göstərir. Əvvəl qızılın qiyməti 38-40 ABŞ dolları idisə, indi bu məbləğ 55-60 ABŞ dolları arasında dəyişir. Hətta keçən il qızılın qiyməti 65 ABŞ dollarına qədər qalxmışdı. Sərhədlərin bağlanmasının da bazara təsiri oldu. Çünki turistlər də böyük bazar payı formalaşdırmışdı, amma onların gediş-gəlişi də dayandı.
– Əsasən hansı zərgərlik məmulatlarına tələbat var?
– Toy mərasimləri olmasa da ad günləri keçirilir. İnsanlar da bir-birinə qızıl və qiymətli daşlardan hazırlanmış məmulatları hədiyyə edirlər. Burda söhbət əsasən də brillantdan gedir. Gümüş bazarı isə Azərbaycanda heç vaxt böyük paya sahib olmayıb. Amma yenə də gümüş əşyalar da satılır. Burda biz dünyaca məşhur gümüş brendlərinin adını çəkə bilərik. Məsələn, “Pandora” yaxşı satılır. Ümumi bazarda isə gümüşün xammal qiyməti 80-85 sentdir.
– Dövlət tərəfindən pandemiya dövründə zərgərlərin fəaliyyətinə dəstək olaraq hansı addımlar atılıb?
– Ötən il İqtidsadiyyat Nazirliyinin təşəbbüsü ilə zərgərlik sənayesinin inkişafı üçün işçi qrupu yaradılmışdı. Təkliflər planı hazırlandı və dövlət qurumlarına təqdim olundu. Hazırda bu məsələ dövlət qurumlarının nəzatindədir. Artıq vergi güzəştləri edildi, gömrük rüsumları üzrə güzəştlər isə qısa zamanda həllini tapacaq.
Azərbaycana idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il müddətinə aksiz vergisindən azad edilib. Xammal olaraq qızıl, gümüş, sikkə, külçə satışı da ƏDV-dən azad edildi.
Bununla yanaşı xammal olaraq qızıl, gümüş, sikkə, külçə idxalı zamanı da gömrük rüsumundan azad olunması gözlənilir. Qızıla şamil olunan məsələlər brillant üçün də olacaq.
Bir də istehsal üçün qurğular, avadanlıqlar, dəzgahların idxalı ƏDV-dən 3 il müddətinə azad edilib.
Bu məsələlər icra olunduqdan sonra yəqin ki, bazarın vəziyyətində bir dəyişiklik olar. Amma yenə də ticarət mərkəzlərinin açılması, toy mərasimlərinin keçirilməsinə icazə verilməsi mühüm əhəmiyyət kəsb edir.
– Zərgərlik məmulatların hazırlanması üçün xammalın əldə edilməsi ilə bağlı hansı problemlər var?
– Xammalın alınması ilə bağlı çətinliklər yoxdur. Biz “AzərGold” QSC ilə artıq danışıqlar aparırıq. Yerli istehsalçılar xam qızılı və gümüşü “AzərGold”dan almaq imkanı əldə ediblər. Həmin güzəştlər qüvvəyə minməsi ilə artıq qiymətlər fərqli olacaq. Bu dəyişikliklərə əsasən, qızıl ölkədaxili dövriyyəsində də ƏDV-dən azad olunub. Bu da birbaşa təsir edəcək. İstehsalçılar “AzərGold”dan qızılı ƏDV-siz alma imkanı əldə edəcəklər.
– Ölkədən xaricə zərgərlik məmulatlarının ixracı ilə bağlı vəziyyət nə yerdədir?
– Bu gün Azərbaycanda hazır zərgərlik məmulatlarının ixracı yoxdur. Təkcə xammal ixrac edilir. Qızılı isə “AzərGold” ixrac edir. İndi Assosiasiya olaraq strateji fəaliyyət planı hazırlamışıq. Adı çəkilən işlər qüvvəyə minəndən sonra ixracın formalaşması, Azərbaycanın ixrac səbətində hazır zərgərlik məmulatının olmasının reallaşacağını düşünürəm. Burda həm Azərbaycan brendləri, həm də brend olmayan yerli sənaye məmulatları yer alacaq.
Azərbaycan sənayesi çox keyfiyyətli və peşəkardır. Mənə elə gəlir ki, bizim sənayemizdə böyük potensial var. Sadəcə planların həyata keçməsi üçün bir qədər zaman lazımdır. Çünki qeyd etdiyim dəyişikliklər qüvvəyə minəndən sonra bir müddət lazım olacaq ki, sənayeçilər qızılı alsınlar və rəsmi şəkildə alandan sonra rəsmi formada da istehsal etsinlər. Bir müddət lazım olacaq ki, müəyyən bir dövriyyə formalaşsın. Ondan sonra artıq ixrac da olacaq. İxracda da heç bir rüsum olmayacağı üçün sənayeçilər bunda maraqlı olacaq.
Yəqin ki, xammal ixracı da davam edəcək. “AzərGold” sırf öz məhsulunu, yəni xam qızıl və gümüş ixrac edir. Zərgərlərin öz potensial alıcıları da var. Yəqin ki, onlara da ixrac edəcəklər. Biz də bunun üçün müvafiq şərait yaradacağıq.
– Sözügedən strateji planda daha hansı məsələlər öz əksini tapıb?
– Qeyd edim ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə də ünsiyyətimiz var. Yəqin ki, qısa bir zamanda onlarla əməkdaşlıq sazişi imzalayacağıq və Azərbaycanın zərgərlik sənayesində ustalara olan tələbatın ödənilməsi sahəsində əməkdaşlıq edəcəyik. İndi tələbələrin tədris proqramı bir az köhnəlib. Biz bu istiqamətdə təhlillər aparmışıq. Tədris proqramının yerli, müasir sənayenin tələblərinə uyğun formalaşması və tələbələrin Azərbaycan zərgərlik sənayesində təcrübə keçməsinə şərait yaradacağıq. Bizim zərgər ustalarının dərslərinin keçirilməsini də planlaşdırırıq. Bu formada peşə təhsilinə də öz töhfəmizi vermək istəyirik.
Portalımız da yaradılıb. Gələcəkdə orda əsasən Azərbaycan brendlərinin təbliğatına üstünlük verməyi planlaşdırırıq.
Gələcəkdə Sahibkarlığın İnkişaf Fondu ilə də əməkdaşlıq planlaşdırırıq ki, sənayeçilərə güzəştli kreditlərin verilməsini təmin edək. Gözlənilən vergi və gömrük rüsumları əslində bu sahədəki sahibkarlara ən böyük dəstək olacaq. Hazırda idxal olunan məhsula görə 40-45 %-ə qədər rüsum ödənilir. Bu məsələnin həl olunması, bazara çox böyük dəstək olar.
– Bəs zərgərlik məhsullarının satışının stimullaşdırılması istiqamətində hansı planlar var?
– Karantin məhdudiyyətləri aradan qaldırılandan sonra gələcəkdə Azərbaycanda sərgilər, yarmarkalar keçirmək, xarici ölkələrdən potensial alıcıları dəvət etmək planımız var. MDB ölkələrinin zərgərlik assosiasiyaları ilə də əməkdaşlıq qururuq. Onlarla qarşılıqlı idxal-ixrac tədbirləri həyata keçirəcəyik. Özbəkistan zərgərlik sənayesi ilə əməkdaşlıq sazişi imzalamışıq. İl ərzində iki-üç dəfə konfrans keçirmək istəyirik ki, oradakı alıcılar, distribüterlərlə bizim alıcı və distribüterlərimiz qarşılıqlı ünsiyyətə girsinlər.
AZPROMO ilə də ilkin görüşlərimiz olub. Yəqin ki, gələcəkdə “Made in Azerbaijan” zərgərlik məmulatlarının xarici sərgilərdə nümayiş olunması təmin olunar.
– İndi Assosiasiyanın neçə üzvü var?
– Hazırda 30-a yaxın üzvümüz var. Onların sırasında “AzərGold, “İtaldizayn”, “Levata Group” və müxtəlif Azərbaycan brendlərinin adını çəkə bilərik. Yüzdən çox bazar iştirakçısı da artıq bizə qoşulmaq niyyətini bildirib. Karantin məhdudiyyətlərinə görə sənədləşdirmə prosesində bir qədər boşluqlar var. Yəqin ki, məhdudiyyətlər aradan qaldırılandan sonra görüşüb sənədləşməni edəcəyik.