Ölkədə qiymətli metallar və qiymətli daşlar sahəsində müasir tələblərə və beynəlxalq standartlara cavab verən yeni AZS ГОСТ Р 51572:2022 “Ölçülən qızıl külçələr. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Bu standart “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in 30 mart 2022-ci il tarixli 212323500007 saylı Qərarı ilə təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.

Sözügedən dövlət standartı hazırlanarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, “AzərGold” QSC, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir” MMC, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu”, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Levata Group” MMC, “Unique Group” MMC, “Tac Gold” MMC, “Shakh Filigree” şirkəti və digər aidiyyəti qurumların mütəxəssisləri ilə müzakirə edilmiş, həmin qurumların rəy və təklifləri nəzərə alınaraq onlarla razılaşdırılmışdır.

AZS ГОСТ Р 51572:2022 “Ölçülən qızıl külçələr. Texniki şərtlər” dövlət standartı kommersiya və digər məqsədlər üçün nəzərdə tutulmuş və çəkisi 1-dən 1000 qrama qədər müəyyən edilmiş, kütlə dəyərləri isə 99,5 %-dən 99,99 %-ə  qədər olan saflaşdırılmış qızıl külçələrə şamil edilir.

Bu standart ölkəmizdə yüksək əyarlı külçə və sikkələrin istehsalının artımına, istehlakçılar və sahibkarlar üçün daha əlverişli iqtisadi münasibətlərin inkişafına, yerli bazarda məhsul çeşidinin və rəqabətin artırılmasına təkan verəcəkdir.

azstand.gov.az