“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.

Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin, “AzerGold” QSC-nin, “Azərsuvenir” MMC-nin, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi” Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Unique Group” MMC-nin, “Tac Gold” MMC-nin, “Shakh Filigree”, “Dr. Jeweler” şirkətinin nümayəndələri və fiziki şəxslər iştirak ediblər.

İclasda Texniki Komitəyə təqdim edilən AZS ISO 8653:2023 “Zərgərlik məmulatları. Üzük ölçüləri, anlayışlar, ölçülər və adı” və AZS XXX:2023 “Gümüş külçələr. Texniki şərtlər”  dövlət standartlarının layihələri müzakirə edilib.

Sonda dövlət standartlarının layihələrinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar verilib.