Tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Sərxan qızı Abdulovanın (Axundovanın) “Minilliklərin yaddaşı – zərgərlik sənəti” adlı kitabı-monoqrafiyası nəşr olunub.
Monoqrafiya Azərbaycan zərgərlik sənətinin tarixi, xammal bazası, texniki üsulları, məmulat növləri, onların mifologiyasının tədqiqinə həsr olunmuşdur. Monoqrafiyada həmçinin bəzi zərgərlik nümunələrinin etimologiyası da araşdırılmış, yeni elmi nəticələr əldə edilmişdir. İlk dəfə olaraq qədim dövr zərgərlik nümunələri ilə XIX əsrə aid materiallar arasında paralellər aparılmış və zərgərlik sənətində etnomədəni varisliyin minilliklər boyunca davam etdirildiyi aşkara çıxarılmış, metalişləmə sənətinin ölkəmizin qədim dövr tarixinin öyrənilməsində əsas sənətkarlıq sahələrindən biri olduğu qənaətinə gəlinmişdir. Monoqrafiyada faktiki material kimi Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya, Etnoqrafiya və Xüsusi fondlarınn materiallarından istifadə olunmuşdur.
Monoqrafiya tarixçilər, arxeoloqlar, etnoqraflar, sənətşünaslar, folklorşünaslar, tələbə və doktorantlar, zərgərlər, həmçinin xalqımızın milli-mənəvi və maddi dəyərlərinə yüksək qiymət verən geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
Kitabı Milli Azərbaycan Tarix Muzeyinin satış köşkündən əldə etmək olar.