“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin növbəti iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 36) online formatda növbəti iclası keçirilib.
İclasda zərgərlik sənayesinin inkişafı istiqamətində 2024-cü il üzrə Fəaliyyət Planında qeyd edilən yeni standart layihələri səsverməyə qoyulub. Həmçinin, 17-18 aprel tarixlərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Zinət əşyaları və qiymətli metallar” (Jewellery and precious metals) standartlaşdırması üzrə Texniki Komitəsinin (ISO/TC 174) İtaliyanın Viçenza şəhərində keçirilən iclasının nəticələri və digər məsələlər müzakirə edilib.
Tədbirdə Azərbaycan zərgərlik adət-ənənələrinə xas olan şəbəkənin standartlaşdırılmasının əhəmiyyəti və bu sahədə standartların işlənib hazırlanması təklifi irəli sürülüb. Görüş iştirakçıları, həmçinin müvafiq sahədə qəbul edilmiş standartların təşviqi barədə fikir mübadiləsi aparılıb.



