2021-cil ildə Azərbaycanda hazır zərgərlik məmulatlarının və onların istehsalı üçün lazım olan xammalın idxalı zamanı nəzərdə tutulan gömrük rüsumlarının və vergi yükünün aşağı salınması gözlənilir.
Bu məlumatı Trend-ə Azərbaycan zərgərlər assosiasiyasının İdarə Heyətinin Sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “AzerGold” QSC-nin, Dövlət Gömrük Komitəsinin və zərgərlik biznesi nümayəndələrinin iştirakı olmaqla işçi qrupu yaradılmışdır. Həmin işçi qrupu çərçivəsində Azərbaycanın zərgərlik bazarının perspektivləri, o cümlədən, Azərbaycanda hazır zərgərlik məmulatlarının və onların istehsalı üçün lazım olan xammalın idxalı zamanı nəzərdə tutulan gömrük rüsumlarının və vergi yükünün aşağı salınması imkanları müzakirə edilmişdir.
“İşçi qrupu üzərinə düşən işləri bitirib və hazırlanmış təkliflər müvafiq Dövlət strukturlarındadır” – Azərbaycan zərgərlər assosiasiyasının İdarə Heyətinin Sədri qeyd edib.
Assosiasiyanın fəaliyyəti barədə danışarkən, Toğrul Abbasquliyev onu da qeyd edib ki, bitmək üzərə olan 2020-ci ildə İctimai Birliyin veb-saytı yaradılıb – www.zergerler.az, və bu sayt vasitəsilə Assosiasiyanın fəaliyyəti ilə tanış olmaq, Azərbaycanın və, ümumiyyətlə, Dünyanın zərgərlik sahəsi üzrə aktual xəbərləri oxumaq, qızılın və gümüşün birja qiymətini izləmək və Azərbaycan zərgərlik brendləri barədə məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan zərgərlər assosiasiyası 14 Fevral 2020-ci il tarixində Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzrində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) təşəbbüsü və dəstəyi ilə yaradılmışdır. Yeni Assosiasiya zərgərlik sahəsinin inkişafına dəstək vermək, bu sahədə təşəbbüslər irəli sürmək və icra etmək, sahibkarlar arasında, xüsusən də kiçik və orta biznes üzrə, əlaqə yaratmaq və əməkdaşlığı genişləndirmək məqsədləri üçün yaradılmışdır.