Azərbaycanın öncül zərgərlik brendi olan “Resm”, özünün  məşhur “Tarixin Çarxları” kolleksiyasının Qarabağa həsr olunmuş “Evimizə qayıtdıq” adlı özəl buraxılışını təqdim etməkdən qürur duyur. Bu kolleksiya bənzərsiz Qarabağ torpağının hər guşəsinin gözəlliyini nümayiş etdirir, eyni zamanda onun mədəniyyətinin zənginliyini özündə əks edir.

Qarabağ hər bir azərbaycanlının qəlbində xüsusi bir yer tutur. Qədim, zəngin və çoxşaxəli mədəniyyətin beşiyi, heyrətamiz təbiəti olan bu torpaq 30 ilə yaxın müddət ərzində işğal altında qalmış, bir milyona qədər insanı evsiz,  doğma vətəni ziyarət etməkdən məhrum edilmişlər. Bu gün Qarabağ azadlığa qovuşdu,  Azərbaycan qədim, çoxşaxəli mədəni irsinə, milli humanist ənənələrinə sadiq qalaraq şəhərləri və kəndləri yenidən bərpa edəcək və bütün fərqli dinlərə mənsub olan insanların daim əmin-amanlıq içində yaşaması üçün şərait yaradacaqdır.

“Kolleksiya azad edilmiş doğma diyarımızın şərəfinə, Qarabağın mədəni irsinin çoxşaxəliliyini tərənnüm etmək üçün böyük qürur hissi ilə hazırlanmışdır.” “Resm”in  təsisçisi və  dizayneri Rəsminə Qürbətova qeyd etdi.

Kolleksiyadakı zinət əşyaları hər bölgəyə məxsus bir və ya daha çox element və simvol ilə bəzədilib və həmin bölgənin sənət növləri, mətbəxi, tarixi, coğrafiyası və diyarşünaslığı ilə əlaqələndirilir, onlarla assosiasiya yaradır. Kolleksiyaya daxil edilmiş zərgərlik məmulatlarının hamısı əbədiyyəti simvolizə edən və onların üzərindəki bəzək və atributları vurğulayan dairə şəklindədir. Hər bir əşyanın üzərində aid olduğu bölgənin işğaldan azad olunduğu tarix əksini tapır. Kolleksiaynın tərkibində həmçinin uşaqlar üçün Qarabağı tərənnüm edən rəngləmə kitabçası eləcə də yeni dizaynda fərqli aksesuarlar – şərflər və kişi cib dəsmalları da təqdim olunur.

resm.com