Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin növbəti iclası keçirildi.
İclasın gündəliyinə yeni standart layihələrinin təsdiq edilməsi, Texniki Komitənin fəaliyyəti istiqaməti haqqında və fəaliyyət planına dair təkliflər, Texniki Komitəyə yeni üzvlərin seçilməsi salınmışdır.
İclasda Texniki Komitənin sədri Rövşən Əmircanov standart layihələrinin dövlət standartı kimi qəbul edilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət ediləcəyini bildirdi. “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədri Toğrul Abbasquliyev bu sahədə standartların qəbulunun Azərbaycan zərgərlik sənayesi üçün vacibliyini qeyd etdi.
İclasda yeni üzvlərin TK-ya üzv qəbul olunması müzakirə edildi, sonra nümayəndələrin üzvlüyü səs verməyə qoyuldu və yekdil qərara əsasən “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun” Layihə Meneceri Malik Səlimxanov, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, İnvestorlara İş və Biznesə Dəstək departamentinin müdir müavini Malik Mehdiyev, “Azərsuvenir” MMC-nin laboratoriyalarının qurulması, işçilərin hazırlanması və qızılın təyini ilə əlaqəli analitik cihazların istifadə edilməsi proseslərinə nəzarət edilməsi üzrə məsləhətçi, Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, dos.proff. Yusif Abdullayev, “Azərsuvenir” MMC-nin Keyfiyyətə Nəzarət üzrə mütəxəssisi Rəşad İdrisov Texniki Komitəyə üzv qəbul edildilər.