Dekabrın 15-də Faro mağazasında yerli Narmeen Jewelry brendinin yeni kolleksiyasının təqdimatı oldu. Təqdimat çərçivəsində təsisçi və kreativ dizayner Nərmin Ələkbərova “Straight lines” adlı yubiley kolleksiyasını yaratmağa onu doğma torpaqlarımız Qarabağ ərazisinin işğaldan azad edilməsinin ruhlandırdığını bildirib. Narmeen Jewelry brendinin bütün kolleksiyalarında yalnız təbii daşlardan istifadə olunur və bütövlükdə əl işi olan məhsullar məhdud sayda hazırlanır. Kolleksiyanın yaradılmasında istifadə olunan rənglər məhsuldarlıqla bağlılığı, Qarabağın aydın səmasını təcəssüm etdirir, işıqlı ağ opallar isə Azərbaycanın böyüklüyünü və çoxşaxəliliyini ifadə edir.
Təqdimatın sonunda Nərmin kolleksiyanın adının Qarabağ ilə əlaqəsi ilə barədə sualı belə cavablandırdı:
– “Bəziləri üçün bütün yollar Romaya aparır, bəziləri üçün Paris sevgi şəhəridir, Laplandiya isə nağılın yaşadığı yerdir. Odur ki, mənim üçün ürəyimdəki bütün yollar doğma Qarabağıma aparır, orada indi işıqlar yanır, həyat geri qayıdır. Mənim üçün sevginin və nağılın evi elə Azərbaycanımdır”. Nərmin Ələkbərova, Narmeen Jewelry brendinin təsisçisi və kreativ dizayneri.