Zərgərlik bazarının şəffaflaşdırılması, ölkəmizin regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsi məqsədilə vergi güzəştlərini əhatə edən 23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və 5 aprel 2021-ci il tarixində gömrük güzəştlərini nəzərdə tutan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı qüvvəyə minmişdir.
Qüvvəyə minmiş vergi güzəştləri:
1 Yanvar 2021-ci il tarixindən etibarən 3 il müddətinə
- külçə, sikkə və qranul şəklində qızılın və gümüşün ölkədaxili satışı ƏDV-dən azad edilir;
- qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilir;
- idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar Aksiz vergisindən azad edilir.
Qüvvəyə minmiş gömrük güzəştləri:
Azərbaycana idxalı zamanı almazlar, yaqutlar, sapfirlər, zümrüdlər, toz, emal olunmamış, işlənməmiş/yarımişlənmiş şəkildə qızıl, gümüş və platin və onlardan hazırlanmış zərgərlik məmulatları 15% gömrük rüsumlarından azad edilir.
Qüvvəyə minmiş vergi və gömrük güzəştləri artıq 2021-ci ildə müsbət nəticələr verməyə başlamışdır və bu tendensiya 2022-ci ildə də davam etmişdir.
2022-ci ilin nəticələrinə əsasən ölkəyə idxal edilən zərgərlik məmulatlarının dəyəri 71.425.000 manat, ölkədaxili zərgərlik məmulatlarının dövriyyəsi 152.835.000 manat, zərgərlik məmulatlarının ixracı isə 19.603.000 manat təşkil edib.