Ölkəmizin iqtisadiyyatında zərgərlik məmulatları və qiymətli metalların ticarəti sahəsində fəaliyyət göstərən sahibkarlarımızın rolu az deyil. Zərgərlik sahəsində fəaliyyətlə bağlı Azərbaycanda bir sıra qanunvericilik aktları qəbul olunsa da, bu istiqamətdə də təbii ki, müəyyən çətinliklər mövcuddur.
Mövcud olan bir sıra çətinliklər barədə “MediaPost”a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası”nın sədri Toğrul Abbasquliyev bildirib ki, ümumiyyətlə zərgərlik böyük dövriyyələr, böyük vəsaitlərlə fərqləndiyi üçün bu sahədə kölgədə və qeyri-şəffaf fəaliyyət göstərmək “adət”ə çevrilir:
“Ölkəmizdə 2020-ci ilə kimi qeyri-şəffaflıq halları kəskin şəkildə artmışdı. Məhz 2020-ci ildə İqtisadiyyat Nazirliynin təşəbbüsü ilə işçi qurupu yaradıldı. Azərbaycan Zərgərlər Assosiasiyası, Dövlət Vergi Xidməti, “Azergold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Gömrük Komitəsi, zərgərlik sahəsi ilə bağlı vergi və gömrük, xammal, dövriyyə istiqamətində tətbiq ediləcək güzəştlər paketi hazırlandı. 2021-ci ildən etibarən biz həmin güzəştlərin faydasını görməyə başlamışıq”.
Toğrul Abbasquliyev ölkənin zərgərlik bazarının dövriyyə həcmini diqqətə çatdıraraq bu il üçün dövriyyə proqnozunu da açıqlayıb: “Ötən il ölkəmizdə zərgərlik bazarının rəsmi dövriyyəsi 153 milyon manat təşkil edib. Bzim proqnozumuza görə, bu il zərgərlik bazarının rəsmi dövriyyəsi 250 milyon manata çata bilər”.
Assosiasiya rəsmisi hazırda zərgərlik bazarında müşahidə edilən çətinlikləri də diqqətə çatdırıb: “Azərbaycanın zərgərlik bazarının xammal təchizatı ilə bağlı çətinlikləri var. Xammal təchizatçısı kimi “Azergold” QSC ilə əməkdaşlıq edirik. Bir sıra istehsalçılar razılaşma əsasında “Azergold” QSC tərəfindən xammalla təhciz olunurlar.
Məhz “Azergold” QSC-nin təqdim etdiyi xammaldan istifadə edərək zərgərlik əşyaları istehsal edib xarici ölkələrə ixrac edirlər. Bazarın tələbatı çox olduğu üçün əsas xammal mənbəyi kimi əhalidən toplanan qızıl-zinət əşyaları, müxtəlif zərgərlik nümunələridir. Bu sahədə də əsas çətinlik odur ki, özünə məxsus olan zərgərlik məmulatını satmaq istəyən fiziki şəxslər rəsmi sənəd təqdim etməkdən imtina edirlər. Sahibkarlar da təqdim edilən xammalın əldə edilməsini rəsmiləşdirə bilmir. Bu sahədə iş aparılır. Hesab edirəm ki, qısa müddətdə bununla bağlı optimal çıxış yolu tapacağıq”.