TKTA və Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyi arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Zərgərlər Assosiasiyası İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində tərəflər müvafiq sahədə fəaliyyət göstərən şəxslərin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması istiqamətində birgə tədbirlər və layihələr həyata keçirəcək. Eləcə də, sözügedən müəssisənin sahə üzrə mütəxəssisləri Qiymətləndirmə Komissiyasına ekspert qismində cəlb olunacaqdır.

Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət – qeyri-hökümət təşkilatı tərəfdaşlığının gücləndirilməsidir.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək,  onların məşğulluq səviyyəsinə və nəticədə sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların, qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik müxtəlif sektorlarından olan əsas işəgötürənlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.

 

tkta.edu.az