17 Noyabr 2023-cü il tarixində “AzerGold” QSC Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimini keçirib.

Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində dövlət, hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə səfirləri, mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.

Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı qızıl sikkənin QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqləndiyini deyən Z.İbrahimov yubiley sikkəsinin müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında ərsəyə gətirildiyini qeyd edib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementlərinin dəqiqliklə əks etdirildiyi, qiymətli məhsula üçölçülü qabarıq relyef verildiyi diqqətə çatdırılıb.

1 unsiya çəkidə istehsal edilən yubiley sikkəsi limitli sayda – 200 ədəd istehsal edilib. Qızıl sikkə üzərində Ümummilli Liderin portreti, onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi real səs dalğası və Morze əlifbasında təsvir olunub.