2024-cü ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC tərəfindən 48.7 min unsiya həcmində qızıl hasilatı həyata keçirilib və bununla ötən ilin 9 ayı ilə müqayisədə qızıl hasilatında 27% artım qeydə alınıb.

Cari ilin ötən dövrü ərzində müəyyənləşdirilmiş qızıl hasilatı planı 3% artıq icra edilib. Sözügedən dövr ərzində gümüş hasilatı isə 69.2 min unsiya təşkil edib.

Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin ilk 9 ayı ərzində 40.2 min unsiya qızıl, 54.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatına ötən ilin eyni dövrü ilə müqayisədə 21% daha çox olmaqla 166.9 milyon manat vəsait cəlb edilib.

Eləcədə ilk 9 ayı ərzində QSC-nin rəsmi satış və mübadilə mərkəzində 2 582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35% artıma nail olunub. Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib. Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11.4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% artım deməkdir.