EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
EY Azərbaycan şirkəti tərəfindən Azərbaycanda ikinci dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edilib. Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Qalib seçim mərhələsindən keçən 11 güclü namizəd arasında müəyyənləşib.
Resm Jewelry şirkətinin rəhbəri Rəsminə Qürbətova isə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edilib. O, “İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq. “Sahibkarlıq verdiyi sərbəstliyə görə çox dəyərlidir. İstədiyiniz vaxt istədiyiniz ideyaları gerçəkləşdirmək imkanınız var” – deyə Rəsminə Qürbətova sahibkarlıq fəaliyyəti barədə bildirib.