9 Aprel 2021-ci il tarixində “Azərbaycan zərgərlər assosiasiyası”nın və “Özbekistan zargarlik sanoati” Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan” onlayn zərgərlik forumu keçirilib.
Forumda Azərbaycan tərəfindən zərgərlik məmulatlarının istehsalçıları və brendləri, Özbəkistan tərəfindən isə zərgərlik məmulatlarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış şirkətləri və sahibkarları qatılıb.
Forumu “Özbekistan zargarlik sanoati” Birliyinin rəhbəri Serdar Keskin açaraq Özbəkistanın zərgərlik bazarı və həmin ölkədə zərgərlik sahəsinin inkişafı üçün son müddətdə görülmüş işlər barədə forum iştirakçılarına məlumat verib.
“Azərbaycan zərgərlər assosiasiyası”nın İdarə Heyətinin Sədri Toğrul Abbasquliyev çıxış edərək Azərbaycanın zərgərlik sənayesi barədə danışıb. O 2021-ci ildə ölkədə tətbiq olunan gömrük və vergi güzəştləri haqqında forum iştirakçılarına məlumat verib. Assosiasiyanın Sədri Özbəkistan tərəfindən foruma qatılmış sahibkarlara ünvanlanaraq onları Azərbaycandakı zərgərlik sənayesinin inkişafı üçün mövcud şəraitdən faydalanmağa və Azərbaycanda zərgərlik sahəsinə yatırım etməyə və istehsal qurmağa dəvət edib.
Daha sonra “Rəsm”, “Zinəti-Zişan”, “Tac Gold”, “Shamsa” kimi Azərbaycan istehsalçıları və brendləri onlayn formatda Özbəkistanın topdan və pərakəndə satış şirkətləri/sahibkarları üçün təqdimatlar keçiriblər.