Dünyanın ən böyük zərgərlik məmulatları istehsalçısı, Danimarkanın “Pandora” şirkəti artıq təbii almazlardan yox, yalnız laboratoriya şəraitində yetişdirilən almazlardan istifadə edəcək.

“Report” “Kommersant” nəşrinə istinadən xəbər verir ki, şirkət bunu mayın 4-də süni daşlardan hazırlanmış yeni “Pandora Brilliance” zərgərlik kolleksiyasını təqdim edərkən elan edib.

“Pandora”nın rəhbəri Aleksandr Laçikin sözlərinə görə, bu cür brilyantlar yalnız yenilik və tərəqqinin deyil, həm də davamlı gözəlliyin simvoludur.

“BBC” telekanalına verdiyi müsahibədə şirkətin zərgərlik məmulatlarında təbii almazdan imtina etməsi qərarını şərh edən A.Laçik, bunun zərərli tullantıların azaldılması və ətraf mühitin qorunması baxımından doğru addım olduğunu qeyd edib.

O deyib ki, süni almazlar ucuzdur – şirkət almazları, eynilə təbiətin yaratdığı kimi, lakin tamamilə fərqli bir qiymətə yarada bilər. A.Laçik bildirib ki, süni almazın qiyməti yerin altından çıxarılan təbii almazın qiymətinin üçdə birini təşkil edir.

 

report.az