Bu il Azərbaycan Zərgərlər Assosiasiyası ilə Peşə Təhsili Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Əməkdaşlığın əsas məqsədləri kimi peşə təhsili səviyyəsi çərçivəsində ölkənin zərgərlik bazarında zərgər ustalara olan kadr ehtiyacının qismən və ya tam ödənilməsi, ölkədə məşğulluğun və özünəməşğulluğun artırılması, Azərbaycan zərgərlik adət-ənənələrinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi qeyd olunmuşdur. Eyni zamanda, yeni əməkdaşlıq müasir avadanlıqlarla çalışa bilən və innovativ zərgər ustaların hazırlanmasını, tədris olunan proqramların və resursların təkmilləşdirilməsini və tələbələr üçün təcrübə proqramlarının təşkilini nəzərdə tutur.

Bu gün adıçəkilən əməkdaşlıq memorandumuna əsasən Azərbaycan Zərgərlər Assosiasiyasının təşkilatçılığı ilə 2021-2022 tədris ili üzrə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Zərgər” ixtisası üzrə təhsil alan tələbələr üçün Assosiasiyaya üzv olan peşəkar zərgər-ustalar tərəfindən “Ustad dərsi” keçirilmişdir.

Keçirilmiş “Ustad dərsi” çərçivəsində tələbələrə “Qiymətli metallardan hərflərin kəsimi” və “Kəsilmiş hərflərdən boyunbağı üçün asqının düzəldilməsi” işlərinin düzgün aparılması nümayiş olunub.