İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu, “AzerGold” QSC, “Azərsuvenir” MMC, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi” Agentliyi (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyi, “Unique Group” MMC, “Shakh Filigree”, “Dr. Jeweler” şirkətinin nümayəndələri iştirak ediblər.
İclasda, Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) ISO/TC 174 “Jewellery and preciuos metals” (Zinyət məmulatları və qiymətli metallar) beynəlxalq texniki komitənin plenar iclası barədə AZSTAND/TK36-nın üzvlərinə məlumat verilib.
AZSTAND/TK36-nın ISO/TC 174 “Jewellery and preciuos metals” standartlaşdırma üzrə texniki komitəyə milli güzgü komitə (Мirror Technical Committee) kimi fəaliyyət göstərməsi müzakirə edilib və konsensus əsasında statusun dəyişdirilməsinə səs verilib.
Həmçinin, qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlər, eyni zamanda AZSTAND/TK36-ya təqdim edilən AZS ГОСТ Р 59303:2023 “Emal edilməmiş təbii almazlar. Çeşidlənməsi və ilkin təsnifatlaşdırılması, çeşidlənməsi və sinifləndirilməsinə dair tələblər” dövlət standartının layihəsi müzakirə edilib.
Sonda dövlət standartlarının layihələrinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar verilib.